Mübariz Qurbanlı Elmar Vəliyevin vurulmasından danışdı

M.Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsdə münasibət bildirib.

«Gəncə şəhərində törədilən cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlər, arxasında duranların qarşılarına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaq və dindən bu ad altında istifadə etməkdir».

«Report» xəbər verir ki, komitə sədri jurnalistlərə açıqlamasında belə deyib.

Azərbaycanın güclü dövlət olduğunu söyləyən M.Qurbanlı ad çəkmədən kimlərinsə bu cür hadisələrlə ölkədə ictimai-siyasi sabitliyi poza bilməyəcəklərini qeyd edib.

Komitə sədri bu hadisəni dinlə bağlamağa çalışanların dini təhrif etdiklərini bildirib: ​«Çünki bu, dinə aid məsələ deyil. Məsələnin arxasında kimlərin və hansı məqsədlərin dayandığı hər kəsə bəllidir. Hüquq-mühafizə orqanları araşdırma aparır və nəticə hər kəsə aydın olacaq. Əminəm ki, bu məsələdə əli olan hər kəs layiqli cəzalarını alacaqlar. Bunun arxasında duran xarici və ya daxili dairələr varsa, onlar da ifşa olunacaq».

Sizin brauzer HTML5-i dəstəkləmir

Elmar Vəliyevi güllələyən Yunis Səfərov nələr deyir?

Komitə sədri bu məsələdə yanlış yozum olduğunu və bu terror aktını törədənlərin, onları müdafiə edənlərin kimliklərinin bəlli olduğunu söyləyib.

Komitə sədri deyib ki, bu, Azərbaycanın əleyhinə çıxış edən qrupların işidir və onlar öz istəklərinə nail ola bilməyəcəklər.

İyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı sui-qəsd edilib. E.Vəliyev və polis əməkdaşı Qasım Aşbazov yaralanıb.

Sui-qəsdi törətdiyi deyilən Yunis Səfərov isə saxlanılıb. Rəsmilər onun terror hadisəsi törətmək istədiyini bildirirlər. Amma Səfərovun terrorçu olmasına şübhə edənlər, basqı altında belə ifadə verdiyini düşünənlər var. O saxlanılarkən xəsarət aldığı əks olunan fotosu da yayılmışdı. Hərçənd, sonradan Səfərov polisə müqavimət göstərərkən xəsarət aldığını söyləmişdi.

Bu hadisədən sonra şəhərdə etiraz aksiyalarına çağırışlar edilib.

Baş Prokurorluq isə iyulun 9-da bu məsələ ilə bağlı yazılar dərc edən bəzi saytların rəhbər şəxslərinə cinayət işi açıb, dörd saytın bloklanması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Eyni zamanda, sosial mediada bu haqda yazanlardan bir neçəsinə 10-30 sutka iş verilib, bir neçəsi haqda cinayət işi açılıb.