Həbs olunmuş fəalın atası: 'Deyirlər ki, Cəlilabadla bağlı çağırışlar edib'

Həbs

Cəlilabad məhkəməsi iyulun 12-də Müsavat Partiyasının rayon təşkilatın fəalı Vüqar Rzalıya 20 sutka iş kəsib. Bu barədə fəalın atası Əlipənah Rzalı məlumat verib:

«İyulun 11-də polislər tərəfindən saxlanılıb. Ertəsi gün məhkəmə oldu. Məhkəmə qapalı keçdi. Bilmədik ki, nəyə görə həbs olunub. Bu günə kimi məhkəmənin qərarını hələ almamışıq. Halbuki, İXM-sinə görə məhkəmədən sonra qərarın sürəti təqdim olunmalıdır. Deyirlər ki, Gəncə hadisələri ilə bağlı Facebook-da paylaşma, Cəlilabadla bağlı çağırışlar edib. Məhkəməyə də getdik, hakim bizi qəbul etmədi. Məqsədimiz məhkəmə qərarını alandan sonra şikayət verməkdir. Avropa Məhkəməsinə qədər gedəcəyik. Gəncə hadisələrindən istifadə edib siyasi fəalları kənarlaşdırırlar».

Lənkəran rayonu Gəgiran kənd sakini, 1991-ci il təvəllüdlü Elsevən Şıxəliyevə də 30 sutka həbs kəsilib. E.Şixəliyevin həbsinə sosial şəbəkələrdəki fəallığının səbəb olduğu deyilir.

Həbslərlə bağlı rayon polis şöbələrindən məlumat almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Sui-qəsdi Rusiya vətəndaşı olan, Suriyada təlim keçdiyi bildirilən Yunis Səfərovun törətdiyi deyilir. Rəsmi məlumata görə, o, terror aktı hazırlayırmış və məqsəd ölkədə xaos yaratmaq olub.

Y.Səfərov yerli telekanallara sui-qəsdi törətdiyini etiraf etsə də, digər iddialar haqda heç nə deməyib.

Sui-qəsd cəhdindən bir qədər sonra – iyulun 10-da Gəncədə etiraz aksiyası keçiriləcəyi barədə çağırışlar yayılıb. Amma mitinqin nə səbəbdən, hansı qüvvə tərəfindən keçirildiyi bəlli deyildi.

Hüquq-mühafizə orqanları cinayət işi açıldığını, 11 nəfərin həbs edildiyini, birinin öldürüldüyünü bildirir. Rəsmi məlumatda iyulun 10-da Gəncədə etiraza çıxan 200 nəfərin «radikal dini qrup» olduğu qeyd edilir.