Sentsov-un anası oğlunun əfv olunmasını istəyir

Kiyevdə Sentsov və digər ukraynalı məhbusların Rusiya həbsxanalarından buraxılması tələbilə etiraz aksiyası, 8 iyul, 2018-ci il

Ukraynalı kinorejissor, hazırda Rusiyada 20 illik həbs cəzası çəkən Oleh Sentsov-un anası Rusiya prezidenti Vladimir Putin-dən oğlunun əfv olunmasını xahiş edib.

Sentsov Rusiyanın şimalındakı Yamalo-Nenets regionundakı həbsxanada cəza çəkir. Ona terrorçuluq ittihamları irəli sürülüb, özü və insan haqları qrupları ittihamları siyasi motivli sayır.

“Sizi Oleh-in günahsız olmasına inandırmağa çalışmayacağam, baxmayaraq ki, buna inanıram”, – Lyudmila Sentsova Putin-ə məktubunda yazır.

“Bircə onu demək istəyirəm ki, heç kəsi öldürməyib. Artıq dörd il cəza çəkib. Övladları yolunu gözləyir. Vladimir Vladimirovich, sizdən xahiş edirəm, Oleh Sentsov-u əfv edin”,Ekho Moskvy radiostansiyasının vebsaytında iyulun 13-də dərc olunmuş məktubda deyilir.

Əslən Krımdan olan Sentsov-un iyulun 13-də 42 yaşı tamam olur.

O, mayın 14-dən həbsdə aclıq aksiyası keçirir, siyasi məhbus saydığı 64 Ukrayna vətəndaşının buraxılmasını tələb edir.

Qərb hökumətləri, insan haqları təşkilatları da kinorejissorun azadlığa buraxılmasına çağırıblar.

Vəkili Dmitry Dinze-nin ötən ay deməsinə görə, Sentsov özünü günahsız sayır, əfv ərizəsi yazmayacaq.