Türkiyədə uğursuz çevriliş cəhdinin 2 illiyi qeyd olunub

Recep Tayyip Erdogan, arxiv fotosu

İyulun 15-də Türkiyədə uğursuz çevriliş cəhdinin ikinci ildönümü qeyd olunub. Türkiyə prezidenti və hökumətinə qarşı çevriliş cəhdində 250 nəfər öldürülüb.

Dünən prezident Recep Tayyip Erdogan və digər rəsmilər Ankarada bir sıra dini mərasimlərə qatılıblar. Erdogan günün sonundakı çıxışında ABŞ-da yaşayan, Ankaranın çevriliş cəhdinə görə ittiham etdiyi Fethullah Gulen-ə bir daha hücum edib.

Erdogan deyib ki, hökuməti Türkiyənin dövlət və özəl sektorunda kök salmış Gulen şəbəkəsini məhv edib.

Gulen özünə qarşı ittihamları rədd edib, Vaşinqton isə Ankaranın onun ekstradisiya olunmasıyla bağlı tələblərini qəbul etməyib.

2016-cı il iyulun 15-də ordu içindəki fraksiyalar tanklar, hərbi vertolyotlar və təyyarələr vasitəsilə Erdogan-ı devirməyə çalışıb. İstanbul və Ankara kimi böyük şəhərlərdə toqquşmalar baş verib.

Bundan sonra hakimiyyət on minlərlə adamı saxlayıb. Onların içində dövlət qulluqçuları, jurnalistlər, müəllimlər olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert iyulun 15-də deyib ki, Birləşmiş Ştatlar NATO üzvü Türkiyənin yanındadır.