İsrail İranın nüvə sənədlərini necə ələ keçirib

Netanyahu sənədləri açıqlayır, 30 aprel, 2018-ci il

İsrail kəşfiyyat agentliyinin bu ilin əvvəlində İranın nüvə sənədlərini necə ələ keçirməsinin detallarını açıqlayıb. Qeyd edək ki, həmin sənədlər İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişinin öhdəliklərini yerinə yetirməməsinə dair dəlil ortaya qoya bilməmişdi.

“The New York Times” və “The Washington Post” qəzetləri iyulun 15-də Mossad-ın əməliyyatını geniş işıqlandırsalar da, apreldə baş nazir Benjamin Netanyahu açıqladığından artıq informasiya verməyiblər.

Netanyahu demişdi ki, İsrail kəşfiyyatı İranın 2003-cü ildəki mübahisəli nüvə proqramına dair 55 min səhifəlik sənəd və 183 CD ələ keçirib. İran bu sənədlər toplusunu “saxta” adlandırıb.

Netanyahu apreldəki açıqlamasından sonra bu haqda Ağ evdə ABŞ prezidenti Donald Trump-ı bilgiləndirib və deyib ki, bu, Trump-ın nüvə sazişindən çıxması üçün daha bir səbəbdir.

Trump mayda sazişdən çıxdığını elan elədi.

Tehran nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

“The New York Times”ın iyulun 15-də yazmasına görə, Mossad agentləri Tehrandakı nüvə obyektinə girmək üçün altı saat 29 dəqiqələri olub, yəni səhər mühafizəçilər gələnədək. O vaxtadək onlar obyektə girərək həyəcan siqnallarını söndürüb, seyfləri açıb, sənədləri götürüb və heç kəsin gözünə görünmədən aradan çıxıblar.