Ə.Həsənov: 'Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir'

Ə.Həsənov

Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Türkiyə səfiri Erkan Özoral, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri, KİV nümayəndələri iştirak edib.

Türkiyənin Azərbaycandakı səfiri E.Özoral çıxışında deyib ki, 15 iyulda türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini dünyaya elan edib: «O günü planlayanlar islam dinindən sui-istifadə etdilər. Azərbaycanda da islam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu şərəfsizləri həmişə əzib yox edəcək gücdədir. Biz bu FETÖ-lərin, bütün şərəfsizlərin necə yox edildiyini birlikdə görəcəyik. O gün heç də uzaqda deyil».

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov Türkiyədə baş verən hadisələrin Azərbaycanda həyəcanla izləndiyini, Bakının o zaman qonşu dövlətə dəstək verdiyini bildirib.

Ə.Həsənov bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunub. O deyib ki, bu hadisə «dövlətçiliyə əl qaldırmaq istəyən xainlər» tərəfindən törədilib.

«Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir», - prezidentin köməkçisi qeyd edib.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.

Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə, Sumqayıtda aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı 22 nəfərin həbs edildiyini, 8 nəfərin axtarışda olduğunu, axtarışda olanlardan bir nəfər – Rəşad Böyükkişiyevin polisə silahlı müqavimətə görə öldürüldüyünü bildirirlər.

Dövlət Təhlükəsizlik Xidməti iyulun 15-də Sumqayıt şəhərində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalının saxlanılması haqda məlumat yayıb.

«Əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlaşdırıblarmış», - məlumatda deyilir.