Leysan gözlənilir

Yağış

İyulun 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Amma gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

İyulun 17-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı təxmin edilir.

Nazirlik rayonlarda iyulun 16-sı axşamdan iyulun 18-dək gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Həmin müddətdə bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.