'Qanunsuz' 16-mərtəbə tikən həbs edildi

Tikinti

Bakıda qanunsuz bina tikintisinə görə sahibkarın həbs edildiyi bildirilir.

Baş Prokurorluğun Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə iyulun 16-da yaydığı məlumata görə, komitə ötən həftə müəyyən edib ki, «Fidan» Mənzil-Tikinti Kooperativi tikintiyə icazə sənədi olmadan Nəsimi rayonu, Cavadxan küçəsində 16-mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlayıb.

Araşdırma zamanı həmçinin bəlli olub ki, komitə tərəfindən sözügedən ərazidə 16-mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilibmiş. Qurum bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə icrası məcburi olan «Göstəriş» də göndəribmiş. Buna baxmayaraq, tikintiyə hazırlıq işlərinə başlandığından, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokurorluğa müraciət edib.

Baş Prokurorluqda ilkin araşdırmalarla müəyyən edilib ki, «Fidan» MTK-nın təsisçisi və sədri Əli Şükürov torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozub.

«...Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0.1182 hektar torpaq sahəsində özbaşına 371.3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb, 1-girişli 16-mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb…», - birgə məlumatda yazılır.

Baş Prokurorluq qeyd edir ki, Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Açıqlamada adı keçən MTK-nın, onun təmsilçilərinin mövqeyini öyrənmək, hələlik, mümkün olmayıb.