Yaponiya Aİ ilə azad ticarət sazişi imzalayıb

Shinzo Abe (ortada), Jean-Claude Juncker (solda) və Donald Tusk (sağda)

Yaponiya Avropa İttifaqı ilə çoxtərəfli azad ticarət sazişi imzalayıb. Bu sənədin ABŞ prezidenti Donald Trump-ın atdığı proteksionist ticarət addımlarına dirəniş göstərəcəyinə dair ümidlər var.

İyulun 17-də Tokioda imzalanmış saziş indiyədək Aİ-nin danışıqlar apardığı ən böyük sənəd sayılır və dünyanın ən böyük açıq iqtisadi zonası yaradılmış olacaq. Yapon maşınlarından tutmuş fransız pendirinə qədər çoxsaylı məhsullar üçün rüsumlar ləğv olunacaq.

Bu arada Birləşmiş Ştatlarla Çinin ticarət müharibəsinin dünya iqtisadiyyatında azad ticarətin rolunu azaldacağı sarıdan narahatlıqlar var.

Ticarət paktını Yaponiyanın baş naziri Shinzo Abe, Aİ Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker imzalayıblar.

Yaponiya və Aİ qlobal ÜDM-nin üçdə birinə bərabərdir və Aİ rəsmilərinə görə, ticarət münasibətləri daha da inkişaf edə bilər. Hesablamalara görə, bu saziş uzunmüddətli perspektivdə Aİ iqtisadiyyatını 0,8 faiz, Yaponiya iqtisadiyyatını isə 0,3 faiz artıracaq.