Ali Məhkəmə 'Siyəzən məhbusları'nın şikayətini təmin etməyib

Sizin brauzer HTML5-i dəstəkləmir

"Heç əynini geyinməyə qoymadılar, qolunu burub apardılar"

Ali Məhkəmə «Siyəzən məhbusları» barədə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlayıb.

Siyəzəndə sosial tələblərlə aksiya keçirdiklərinə görə azadlıqdan məhrum edilmiş Zaur Şəkərov, Coşqun Bəğişov, Nizami QəniyevMüslim Əzimovun kassasiya şikayətinə bu gün, iyulun 17-də Ali Məhkəmədə hakim Gülzar Rzayeva sədrlik etdiyi məhkəmə kollegiyasında baxılıb.

Məhbusların yaxınları məhkəmə iclasından sonra AzadlıqRadiosuna bildiriblər ki, məhkəmə kassasiya şikayətini rədd edib.

Kassasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından verilmişdi. Adları çəkilən məhbuslar barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi istənilmişdi.

Sumqayıt Apellyasiya Məhkəməsi Siyəzən hadisələri ilə bağlı həbs edilənlərin şikayəti üzrə qərarını ötən ilin dekabrında elan etmişdi. Həmin vaxt rayon məhkəməsinin hökmü qismən dəyişdirilmiş, təqsirləndirilənlərin cəzası 6 aydan bir ilə qədər azaldılmışdı.

Yaxınlarının deməsinə görə, yerli məhkəmələrin qərarlarından Avropa Məhkəməsinə şikayət olunacaq.

Xatırlatma

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə təkrar aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol verən 55 nəfər saxlanıb. Onlar Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə ), 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah saxlama) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) maddələri ilə ittiham edilib. Bundan başqa, onlara 234-cü (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) maddələrlə də ittiham verilib.

Məhkəmə hökmünə əsasən, Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəğişov, Talıb Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilmişdi.