Manafort-un məhkəməsinin yeri dəyişdirilmədi

Paul Manafort, arxiv fotosu

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort-un məhkəməsinin yerinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin olunmayıb. Birləşmiş Ştatların Virciniya ştatındakı məhkəmə iyulun 17-də belə bir qərar çıxarıb.

Manafort-un vəkilləri məhkəmənin Aleksandriyadan Roanokeyə keçirilməsini istəmişdilər. Aleksandriya siyasi baxımdan sola meylli, Roanoke isə ştatın daha mühafizəkar cənub hissəsində yerləşir.

Vəkillərin arqumentinə görə Vaşinqtonda məhkəmə öncəsi medianın bu məsələyə böyük diqqət ayırması Manafort-un azad məhkəmə hüququnu pozub, üstəlik, Aleksandriyada jüri əsasən, Trump-ın demokratlardan opponenti Hillary Clinton-un xeyrinə səs vermiş əhali içindən seçiləcək.

Hakim T.S. Ellis isə deyib ki, Manafort-un Aleksandriyada ədalətli mühakimə olunmadığını söyləməyə əsas yoxdur.

Məhkəmənin gələn həftə başlanacağı gözlənir. Bu, “Rusiya istintaqı” nəticəsində açılmış ilk böyük işdir. Hazırda xüsusi prokuror Robert Mueller Rusiyayla Trump-ın seçki kampaniyasının mümkün əlbirliyini araşdırır.

Manafort-a ittihamlar isə bank fırıldağı, xarici agent kimi qeydiyyatdan keçməməklə bağlıdır. O, Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovych üçün lobbiçilik fəaliyyəti aparmaqda və bununla bağlı rəsmi məlumat verməməkdə suçlanır.