İ.Əliyev Mattarellanı və qızını təltif etdi

S.Mattarella, L.Mattarella və İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Serco Mattarellanın qızı Laura Mattarellanın «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, L.Mattarella Azərbaycan ilə İtaliya arasında humanitar əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə həmin ordenə layiq görülüb.

İ.Əliyev İtaliya prezidenti S.Mattarellanı isə «Heydər Əliyev» ordeni ilə təltif edib. Sərəncamda deyilir ki, bu orden Mattarellaya Azərbaycan və İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə verilib.

İtaliya prezidenti iyulun 18-də Azərbaycana səfərə gəlib, dövlət rəhbərlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Dövlət qurumları arasında anlaşma memorandumları, birgə Bəyannamələr imzalanıb.

Prezident İ.Əliyev S.Mattarellanın şərəfinə verilən rəsmi qəbulda deyib ki, ikitərəfli münasibətlər tarixində İtaliya prezidenti ilk dəfədir Azərbaycana rəsmi səfərə gəlir və bunu əlaqələrin inkişafında yeni bir səhifə adlandırıb.

Dövlət başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılışını energetika sahəsində ikitərəfli əlaqələrin inkişafında yeni imkanlar kimi dəyərləndirib.

Əliyev İtaliyanın ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacağına ümid etdiyini də söyləyib.

İtaliya prezidenti S.Mattarella Azərbaycana səfərinin Xalq Cümhuriyyətinin 100 illik yubileyi və İtaliyanın ATƏT-ə sədrliyi dövrünə düşməsini xüsusi qeyd edib. Onun regionda sabitliyin davamlılığına yönəlmiş əlaqələrdə Azərbaycanın davranışını nümunə adlandırdığı bildirilir.