Jurnalist: 'Prokurorluqda 50 saat dindirildim'

Sizin brauzer HTML5-i dəstəkləmir

Facebook-da Elmar Vəliyevdən yazanlar niyə cəzalandırılır?

Jurnalist Anar Məmmədov Baş prokuror Zakir Qaralov və Bakı şəhər prokuroru İlqar Abbasova müraciət edib. O, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazova qarşı sui-qəsdlə bağlı rəhbərlik etdiyi criminalaz.com saytında gedən yazılara görə istintaqa cəlb olunub. Müraciətinin səbəbi isə evindən telefonu, kompüteri və sənədlərinin götürülməsidir. Bu barədə A.Məmmədov özü məlumat yayıb.

İyulun 9-da axşam saatlarında Bakı Şəhər Prokurorluğunun əməkdaşları A.Məmmədovun evində axtarış apararaq, qeyd olunan əşyaları və sənədləri götürüblər. Onların arasında criminalaz.com saytının yaradılmasıyla bağlı sənədlər də olub.

A.Məmmədov AzadlıqRadiosuna deyir ki, evindəki axtarış, əşyalar və sənədlərin götürülməsi məhkəmə qərarı olmadan həyata keçirilib. Mənzildən götürülənlər bu günə qədər geri qaytarılmayıb.

Xatırlatma

Baş Prokurorluğun məlumatına görə, iyulun 3-də Gəncədə icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətəuyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb. Fakt üzrə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələriylə cinayət işi başlanıb.

Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl bir neçə gün prokurorluğa çağrılaraq, axşama qədər dindirilib. A.Məmmədov deyir ki, ötən həftə prokurorluqda bir neçə gün ərzində ümumilikdə 50 saat dindirilib.

Ardından bu cinayət işi üzrə istintaqa daha iki sayt – gununsesi.info və teref.info da cəlb edildi, adları çəkilən internet resurslarına ölkə daxilində giriş məhdudlaşdırıldı.

Gununsesi.info-nun rəhbəri Pərviz Həşimli bildirib ki, o da prokurorluqda dindirilib, telefonu və kompüteri alınıb.

Mütəxəssislər baş verənləri söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər.

Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.