Olimpiya medalçısını öldürməkdə şübhəli bilinən saxlanıb

Denis Ten-i anım mərasimi, Almatı, 20 iyul, 2018-ci il

İyulun 19-da Qazaxıstanda fiqurlu konkisürən Denis Ten-i öldürməkdə şübhəli bilinən şəxs saxlanıb.

Almatı şəhər prokuroru Berik Zhuiriktaev iyulun 20-də jurnalistlərə deyib ki, 1994-cü il təvəllüdlü Nuraly Qiyasov ölkəni sarsıtmış qətldə əli olduğunu etiraf edib.

Şəhər polisi ikinci şübhəlinin də müəyyənləşdirildiyini, hüquq-mühafizə orqanlarının onun yerini tapmağa çalışdığını bildirib.

2014-cü ildə Soçi olimpiadasında bürünc, 2013 və 2015-ci illər dünya çempionatlarında bürünc və gümüş medal qazanmış Ten-in iki naməlum şəxs tərəfindən bıçaqlandığı bildirilir. Həmin şəxslər idmançının maşınından arxa güzgüləri oğurlamaq istəyərkən aralarında qarşıdurma yaranıb.

Ötən ay 25 yaşı tamam olmuş Ten Qazaxıstandan Olimpiya medalı qazanmış ilk fiqurlu konkisürəni idi.

Beynəlxalq Konkisürmə Birliyi bəyanat yayaraq xəbərdən “dərindən kədərləndiyini” bildirib.

Qazaxıstanın idman və mədəniyyət naziri Arystanbek Mukhamediuly Ten-in ölümünü “dəhşətli və ədalətsiz” adlandırıb.