İntiharçı deputatlığa namizədi öldürdü

Foto arxiv

Pakistanda seçki kampaniyası zamanı törədilən partlayış nəticəsində deputatlığa namizəd və onun sürücüsü həlak olub, bir neçə nəfərsə yaralanıb.

AzadlıqRadiosunun Pakistan xidməti polisə istinadla, ölən namizədin Ikramullah Gandapur olduğunu xəbər verir.

Onun namizədliyi, müxalifət lideri İmran Xanın partiyasından verilibmiş.

Məlumata görə intiharçı iyulun 22-də Dera İsmayıl Xan əyalətində partlayıcı qoyulmuş maşını Gantapurun üzərinə sürüb.

O, həmin vaxt ofisindən çıxaraq mitinqə gedirmiş.

Qeyd edək ki, Gandapurun qardaşı da 3 il əvvəl bu cür hücum nəticəsində həlak olub.

Məlumata görə ölkənin şimal-qərbində yerləşən Bannu şəhərində isə, başqa bir namizəd Akram Durraninin maşını da atəşə tutulub.

Amma o, bu hücumdan sağ çıxıb.İki nəfərin yaralandığı bildirilir.

Bu, son 10 gün ərzində Akram Durraniyə edilən ikinci hücumdur.

İyulun 13-də onun konvoyuna edilmiş hücum nəticəsində 4 nəfər ölüb, 30-dan çox adamsa yaralanıb.

Qeyd edək ki,iyulun 25-də Pakistanda ümummilli seçkilərdir.