«Azərişıq» ASC tender elan etdikdən iki həftə sonra yaradılmış iki şirkətlə təxminən 1 milyon manat dəyərində iki müqavilə bağlayıb. Həmin şirkətlərin hər ikisinin də direktoru Nazim Quliyevdir.
Bu haqda «Turan» xəbər verir.
«Azərişıq» tenderi mayın 15-də elan edib. Şirkətlərdən biri «Elektrik-Təchizat» (VÖEN-i 4501694831) mayın 30-da, digəri «Qlobal-Elektro» isə iyulun 18-də təsis edilib. İkinci şirkət birinci şirkətlə müqavilə bağlandığı gün təsis edilib və ona iyulun 4-dək təkliflərini təqdim etmək üçün vaxt verilib.
«Qlobal-Elektro» 10 manatlıq kapitalla Qubanın Nügədi kəndində yaradılıb. ASC transformatorların təmiri və başqa işlər üçün tələb olan mal-materialların satın alınması məqsədilə «Elektrik-Təchizat» şirkəti ilə 933.2 min manatlıq müqavilə bağlayıb.
«Qlobal-Elektro» ilə isə iyunun 29-da optik materialların satın alınması məqsədilə müqavilə bağlanıb. Xəbərdə deyilir ki, şirkət malların çatdırılması üçün 48 min 20 manat təklif edib. «Azərişıq» hər iki tenderə qatılan digər iştirakçıların adlarını və təkliflərini açıqlamayıb.