Pxenyan ballistik raket obyektini sökür

Peyk təsvirləri

Peyk təsvirləri

Peyk təsvirləri Şimali Koreyanın ballistik raketlər üçün mühərriklər hazırlanan ərazidə əsas obyektləri sökməyə başladığını göstərir. Vaşinqtondakı beyin mərkəzinin iyulun 23-də bildirməsinə görə, bu, ABŞ prezidenti Donald Trump-a verilmiş vədin icrasına doğru ilk addım sayıla bilər.

“38 North” beyin mərkəzinin bildirməsinə görə, son təsvirlər Sohae Peyk Buraxma Stansiyasında bir binanın sökülməsinə başlandığını göstərir.

“Bu obyektlər Şimalın qitələrarası ballistik raket proqramı üçün texnologiyaların hazırlanmasında əsas rol oynayıb. Bu baxımdan son işlər Şimali Koreya tərəfdən vacib inamyaratma addımı sayıla bilər”, – hesabatda deyilir.

Trump iyunun 12-də Şimali Koreya lideri Kim Jong Un-la sammitdən sonra mətbuat konfransında demişdi ki, Kim ona “çox tezliklə” böyük raket mühərrikinin sınaq ərazisini dağıtmaq vədi verib.

Trump obyektin adını açıqlamasa da, bir ABŞ rəsmisi daha sonra “Reuters” agentliyinə bunun Sohae olduğunu demişdi.

Bu arada Şimali Koreyanın sammitdə götürülmüş öhdəliklərin icrasına, özəlliklə də nüvəsizləşdirməyə hazırlığıyla bağlı suallar qalmaqdadır.