İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum olunub.
İttiham aktına görə, o, 2014-2015-ci ildə Suriyada qanunsuz silahlı birləşmələrin təlimlərində iştirak edib.
Onun İŞİD tərkibində olan «Çeçen camaatı»na qoşulduğu, daha sonra Türkiyəyə qayıtdığı və orada saxlanılaraq Azərbaycana deportasiya edildiyi bildirilir.
R.Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.
Azərbaycanın təhlükəsizlik xidmətləri Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində 1000-dən çox azərbaycanlının döyüşdüyü barədə açıqlama veriblər. Onların 80 nəfərindən çoxu müxtəlif vaxtlarda uzun müddətə azadlıqdan məhrum ediliblər, bəziləri isə vətəndaşlıqdan çıxarılıblar.