ABŞ Aİ ilə ticarət müharibəsini önləyir

Donald Trump və Jean-Claude Juncker (solda)

ABŞ prezidenti Donald Trump Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker ilə razılaşma əldə ediblər. Onlar Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında ticarət müharibəsini önləyəcək, ticari gərginliyi azaldacaq plan üzrə razılığa gəliblər.

Onlar iyulun 25-də Ağ evdə iki saatdan çox danışıq aparandan sonra razılaşmanı elan ediblər. Almaniyanın iqtisadiyyat naziri Peter Altmaier Twitter-də bunu “ticarət müharibəsini önləyəcək, milyonlarla iş yerini xilas edəcək nailiyyət” adlandırıb.

Razılaşmaya görə, Birləşmiş Ştatlar Avropanın avtomobil şirkətlərinə tarif qoymayacaq, tərəflər ABŞ-ın polad və aluminium üzərinə tariflər qoymasını da “həll edəcəklər”. Avropa İttifaqı ABŞ-da soya paxlası və təbii qaz almaq öhdəliyi götürür.

Trump jurnalistlərə deyib ki, tərəflər münasibətlərdə “yeni faza başlatmağa”, “tariflərin sıfıra endirilməsi” yönündə birlikdə işləməyə razılaşıblar.