ABŞ Türkiyəni sanksiyalarla hədələyir

Keşiş Andrew Brunson

ABŞ prezidenti Donald Trump deyib ki, Türkiyə hakimiyyət orqanları ev məhbusluğunda olan Amerika keşişini azad etməzsə, Vaşinqton Ankara üzərinə “geniş sanksiyalar” qoymağa hazırdır:

"Birləşmiş Ştatlar keşiş, böyük xristian, ailə adamı və gözəl insan keşiş Andrew Brunson-un uzun müddətdən bəri davam edən məhbusluğuna son qoymasa, Türkiyə üzərinə geniş sanksiyalar qoyacaq”.

Trump bu barədə yazıb: "O çox əzab çəkir. Bu günahsız iman sahibi dərhal azad edilməlidir!”

Trump-ın bu bəyanatından əvvəl vise-prezident Mike Pence Türkiyəni “əhəmiyyətli sanksiyalarla” hədələyən bəyanat vermişdi.

"Mənim prezident Erdoğana və Türkiyə hökumətinə Amerika Birləşmiş Ştatlarının prezidentindən mesajım var: Pastor Andrew Brunson-u dərhal azad edin, ya da bunun nəticələrinə hazırlaşın”.

Türkiyədə son 20 ildə işləmiş Brunson 2016-cı ilin uğursuz hərbi çevriliş cəhdindən sonra terrorizm və casusluq ittihamı ilə həbs olunub.

Brunson barədə həbs qətimkan tədbiri iyulun 25-də ev məhbusluğu ilə əvəz edilib.

Dövlət katibi Mike Pompeo deyib ki, ev məhbusluğu kifayət deyil və Ankara onun Türkiyəni tərk etməsinə imkan yaratmalıdır.