Şimali Koreya 55 amerikan əsgərin qalıqlarını qaytarıb

Əsgərlərin qalıqları təhvil verilir

Şimali Koreya 1950-53-cü illər Koreya müharibəsində həlak olmuş 55 amerikalı əsgərin qalıqlarını Birləşmiş Ştatlara təhvil verib. Ağ evin mətbuat xidmətinin məlumatına görə, qalıqlar hərbi-nəqliyyat təyyarəsi vasitəsilə Seul yaxınlığındakı Osan bazasına aparılıb.

Qalıqların repatriasiya mərasimi avqustun 1-nə təyin olunub. Birləşmiş Ştatlarda bunu beş mindən çox amerikalının axtarışı yönündə vacib addım sayırlar.

ABŞ prezidenti Donald Trump Twitter-də Şimali Koreya lideri Kim Jong Un-a təşəkkür edib, bir çox ailələr üçün böyük an olduğunu bildirib.

Bu gün Koreya müharibəsinə son qoyan atəşkəs sazişindən 65 il keçir. Ancaq o vaxtdan Şimali və Cənubi Koreyalar arasında münaqişəni bitirəcək rəsmi razılaşma imzalanmayıb.