Çirkab sular təmizlənmədən dənizə axıdılır

Xəzərin çirklənməsi

Xəzərin sahilindəki bəzi istirahət mərkəzləri məişət çirkab sularını təmizlənmədən dənizə axıdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, belə faktlar dəniz sahili boyu aparılan reydlər zamanı üzə çıxarılıb.

Reydlərin Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə aparıldığı bildirilir.

Bu zaman Sumqayıtın Xəzər sahili zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində formalaşan çirkab suların və məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkarlanıb.

«Araşdırma zamanı «Relaks», «Tural-1», «Gəmi Qaya», «Orxan», «Katamaran», «Şərur», «Kaspian Standart KO» MMC-yə məxsus «Caspian Breeze» istirahət mərkəzlərində formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və «Dostluq» istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalaqlandığı məlum olub», - nazirliyin məlumatında yazılır.

Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunduğu, inzibati cərimə tətbiq edildiyi bildirilir.

Nazirlik həmçinin, «Kaspian Standart KO» MMC barəsində məhkəməyə müraciət olunduğunu qeyd edir.

Nazirliyin açıqlamasında adı keçən müəssisələr reydlər, barələrində verilmiş qərarlar haqda «Turan»a danışmaq istəməyiblər.