'İstək' liseyinin şagirdlərinin harada oxuyacağı bilinmir

Sizin brauzer HTML5-i dəstəkləmir

"İstək" liseyi qarşısında etiraz aksiyası

«İstək» liseylər şəbəkəsinin şagirdlərinin harada oxuyacağı hələlik bilinmir. Bunu «İstək» Liseyi Baş İdarəsindən bildiriblər.

Təsisçinin 2018-ci il iyulun 7-də qəbul etdiyi qərarla Azərbaycanda fəaliyyət göstərən bu şəbəkəyə daxil 12 liseyin fəaliyyətinin dayandırıldığı deyilir. Ancaq təsisçinin adı açıqlanmır.

İdarədən verilən məlumata görə, bu liseylərdə təhsil alan şagirdlərin gələcək taleyi qeyri-müəyyən qalır.

Şagirdlərin valideynləri isə baş verən proseslərdən narazıdır. Onlar bununla bağlı Prezident Administrasiyası və Təhsil Nazirliyinə şikayətə gediblər. Ancaq onları qane edən cavab almayıblar.

«İstək» liseyləri Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərir. 12 liseyin 4-ü Bakıda, 8-i Sumqayıt, Quba, Lənkəran, Ağdaş, Mingəçevir Gəncə və Şəki olmaqla bölgələrdə yerləşir.

Xatırlatma

Azərbaycanda fəaliyyət göstərən bəzi türk liseylərinin qapadılmasına 2016-cı ildən başlanıb. Həmin ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi baş vermişdi. Bu hadisəsinin Azərbaycana da müəyyən təsirlər göstərdiyi bildirilir.

Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Güləni dövlət çevrilişinə cəhdi himayə etməkdi günahlandırır.

Həmin hadisələrdən sonra Azərbaycanda «Zaman» qəzetinin, «Qafqaz» Universitetinin və bəzi liseylərin fəaliyyəti dayandırılıb. Yerli mətbuat baş verənləri sözügedən qurumların təmsilçilərinin F.Gülənə yaxınlığı ilə izah edirdilər. Mətbuatda yer alan fikirlərə görə, məhz Türkiyə hökumətinin istəyi ilə bu addımlar atılmışdı.

İndi də «İstək» liseylər şəbəkəsi ətrafında baş verən proseslərə də 2016-cı ildə qeyd edilən hadisələrinin davamı kimi baxanlar var.

Ancaq istər lisey rəhbərliyindən, istərsə də Təhsil Nazirliyindən bu deyilənlər hər hansı formada təsdiq edilməyib.

İyulun 24-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdü isə demişdi ki, «FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik».

Türkiyə rəsmiləri FETÖ məktəbləri deyəndə, F.Güləni nəzərdə tuturlar. Hərçənd, F.Gülənin özü dövlət çevrilişi cəhdini dəstəkləmək və terror şəbəkəsi yaratmaqla bağlı ittihamları yalanlayır.