Erdogan da Birləşmiş Ştatları hədələyir

Donald Trump (ortada), Britaniyanın baş naziri Theresa May (soldan ikinci) və Recep Tayyip Erdogan (solda), NATO sammitində

Türkiyə prezidenti Recep Tayyip Erdogan amerikalı həmkarının Ankaraya sanksiya hədəsini cavablandırıb. Donald Trump demişdi ki, Türkiyə iki ildir həbsdə olan amerikalı keşiş Andrew Brunsonu buraxmasa, sanksiya ilə üzləşə bilər.

“Biz təzyiqə boyun əyməyəcəyik, Amerika isə vacib və vicdanlı tərəfdaşını itirmək riskinə gedir”, – Erdogan Cənubi Afrika Respublikasına səfəri zamanı jurnalistlərə deyib.

O, “The Washington Post” qəzetinin yazdığını da təsdiqləyib. Qəzet yazmışdı ki, Donald Trump onun xahişilə terrorçuluqda şübhəli bilinərək saxlanmış türkiyəlini buraxmağı İsraildən istəyib. Amma Erdogan bunun əvəzində Brunson-u buraxacağını vəd etmədiyini deyib.

Vaşinqtonda düşünürdülər ki, tərəflər NATO-nun Brüssel sammitində belə bir razılıq əldə ediblər. Trump-ın İsrailin baş naziri Benjamin Netanyahu-dan xahişindən sonra 27 yaşlı Ebdu Ozkan azad olunaraq İsraildən çıxarılıb. O, Hamas qruplaşmasıyla əməkdaşlıqda ittiham olunurdu. Ancaq Brunson-a qurulmuş məhkəmə sona çatdırılmayıb.

Andrew Brunson

BRUNSON O ZAMAN BURAXILAR Kİ...

Andrew Craig Brunson 20 ildən çox Türkiyədə yaşayıb. O, ötən həftə həbsdən buraxılsa da, məhkəmə istintaqı bitənədək ev dustağı edilib. Vaşinqton onun dərhal bəraət alacağını, yaxud sadəcə, vətəninə deportasiya olunacağını gözləyirdi. Brunson casusluqda, terrorçuluqda, 2016-cı ilin uğursuz çevriliş cəhdinə bağlılıqda ittiham olunur. Vaşinqton isə onun günahsız olduğunu deyir.

Brunson-a ittihamlar təsdiqlənərsə, 35 ilədək həbsə məhkum edilə bilər.

Ötən həftə Trump Brunson-un saxlanmasına görə Türkiyəni “böyük sanksiyalar”la hədələdi. Elə həmin gün vitse-prezident Mike Pence də oxşar xəbərdarlıq etdi.

Erdogan ötənilki çıxışlarının birində demişdi ki, Brunson-u bir halda buraxar – ABŞ da türkiyəli dissident Fethullah Gulen-i deportasiya edərsə. Ankara Guleni 2016-cı il çevriliş cəhdinin arxasında durmaqda suçlayır.

“Birləşmiş Ştatlar unutmamalıdır ki, münasibətini dəyişməsə, Türkiyə kimi güclü və səmimi tərəfdaşını itirəcək”, – Erdogan deyib.

Erdogan onu da vurğulayıb ki, Birləşmiş Ştatlar F-35 qırıcılarını Ankaraya verməkdən imtina edərsə, beynəlxalq məhkəməyə müraciət edə bilər.