Jurnalistlər Penitensiar Xidmətə gediblər

M.Hüseynov

Bu gün, iyulun 30-da bir qrup jurnalist və hüquq müdafiəçisi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində olublar. Onlar həbsdəki bloqqer Mehman Hüseynovun ağır xəstə olduğu deyilən anası Firəngiz Hüseynova ilə görüşünə icazə verilməsini xahiş ediblər.

Jurnalistlər Penitensiar Xidmətə buraxılıb. Onlar qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun qəbulunda olublar. M.Sadıqova həbsdəki bloqqerin anasının durumu ilə bağlı məlumat verilib.

Penitensiar Xidmətin sözçüsü durumdan xəbərdar olduqlarını, M.Hüseynovun vəkilinin də eyniməzmunlu müraciət etdiyini bildirib. O, tövsiyə edib ki, Ədliyyə Nazirliyinin rəhbərliyinə də müraciət olunsun.

Jurnalist və hüquq müdafiəçiləri Penitensiar Xidmətdə görüşdən sonra ədliyyə nazirinə və Penitensiar Xidmətin rəisinə bloqqerin anası ilə görüşə buraxılması xahişi ilə teleqram vurublar.

Həbsdəki bloqqer M.Hüseynovun anası bu ayın ortalarında ürəyindəki problemlərə görə reanimasiyaya yerləşdirilib. Onun komada olduğu, süni nəfəs aparatına qoşulduğu bildirilir.

M.Hüseynovun vəkilləri onun anası ilə müvəqqəti görüşə buraxılmasından ötrü müraciət ediblər. Ancaq həmin müraciətə indiyədək cavab gəlməyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi M.Sadıqov ötən həftə bildirmişdi ki, müraciətə qanun çərçivəsində baxılacaq.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Beynəlxalq qurumlar bloqqerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, azadlığa buraxılmasını istəyirlər.