Həbsdəki bloqqerə görə ombudsmana müraciət olundu

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Hüseynov 2 il həbs cəzası aldı

«Mehman Hüseynovun anası Firəngiz Hüseynova 20 günə yaxındır ki, ürək çatışmazlığı diaqnozu ilə Neftçilər Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır, hazırda komadadır və süni nəfəs aparatlarına qoşulub. Həkimləri heç bir müsbət proqnoz vermirlər...».

Bir qrup jurnalist və hüquq müdafiəçisinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovaya müraciətində belə yazılır.

Müraciət müəllifləri M.Hüseynovun hazırda həbsdə olduğunu, cəza çəkdiyi müddətdə heç bir qanun və ya daxili intizam qaydalarının pozuntusuna yol vermədiyini, müsbət xarakterizə edildiyini vurğulayıblar. Onlar ombudsman E.Süleymanovadan M.Hüseynovun qısa müddətə xəstə anasının yanına buraxılmasına yardım göstərməsini xahiş ediblər.

«Firəngiz Hüseynovanın ağır durumunu nəzərə alaraq, bu məsələyə qoşulmağınızı və öz səlahiyyətiniz çərçivəsində təxirə salınmadan tədbir görməyinizi xahiş edirik», - müraciətdə yazılır.

Müraciət müəllifləri M.Hüseynovun qısa müddətə buraxılmasının həm də onun qanuni haqqı olduğunu ifadə ediblər. Müraciətdə vurğulanır ki, Cəzaların İcrası Məcəlləsinə əsasən, məhkumlara cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara yeddi gün müddətinə səfərə getməyə icazə verilə bilər.

Müraciəti bir qrup jurnalist və hüquq müdafiəçisi imzalayıb. Müraciətə, hələlik, Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

Həbsdəki bloqqer M.Hüseynovun anası bu ayın ortalarında ürəyindəki problemlərə görə reanimasiyaya yerləşdirilib. Onun komada olduğu, süni nəfəs aparatına qoşulduğu bildirilir.

M.Hüseynovun vəkilləri onun anası ilə müvəqqəti görüşə buraxılmasından ötrü rəsmi qurumlara müraciət ediblər. Ancaq həmin müraciətə indiyədək cavab gəlməyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov ötən həftə bildirmişdi ki, müraciətə qanun çərçivəsində baxılacaq.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.