ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort-un məhkəməsində jüri seçilib.
İyulun 31-də Virciniya ştatının Aleksandriya şəhərindəki federal məhkəmədə 12 jüri üzv və dörd əvəzedici seçilib.
Manafort xüsusi prokuror Robert Mueller-in irəli sürdüyü ittihamlarla məhkəmə qarşısına çıxarılan ilk şəxsdir. Mueller vəzifəyə 2017-ci ilin mayında təyin olunub, Rusiyanın 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsini, Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmilərinin mümkün əlbirliyini araşdırır.
69 yaşlı Manaforta 2017-ci ilin oktyabrında ittihamlar irəli sürülüb. O, Trump-ın seçki kampaniyası üçün çalışdığı dönəmdən öncə lobbiçi kimi işlərkən ABŞ-ın bank qanunvericiliyini pozmaqda suçlanır. Ancaq özü ittihamları qəbul etmir.
Manafort ABŞ-ın xarici agent qanunlarını pozmaqda da ittiham olunur. Bu ittihamlar sentyabrın 17-də başlanacaq məhkəmədə araşdırılacaq.