Bacısı Yunis Səfərovun taleyindən narahatdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir

«İndi belə informasiya yayıldı ki, bu gün, avqustun 1-də qardaşımı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarliqla Mübarizə İdarəsinə aparacaqlar».

Bunu bu il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı sui-qəsdə günahlandırılaraq həbs edilən Yunis Səfərovun bacısı Lalə Səfərova bildirib. Onun sözlərinə görə, Y.Səfərova işgəncə veriləcəyindən narahatdırlar: «Ehtimal edilir ki, işgəncədə məqsəd Y.Səfərovu baş vermiş hadisənin qrup halında törədilməsi barədə sənədə imza atmağa məcbur etmək ola bilər. Vəkillərini, ümumiyyətlə heç kəsi yanına buraxmırlar».

Bacısı vurğulayıb ki, onların tutduğu vəkil Y.Səfərovla görüşə buraxılmır.

Bu açıqlamaya Daxili İşlər Nazirliyindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. İddiaya görə, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyəti zorla ələ keçirmək niyyəti güdülüb. Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu günlər baş prokuror Zakir Qaralov da Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş sui-qəsd olayının istintaqı haqda danışıb. Onun deməsinə görə, indiyədək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində həbs-qətimkan tədbiri seçilib.

Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 4 nəfərin zərərsizləşdirilərək məhv edildiyi açıqlanıb.

13 nəfər barəsində isə həbs-qətimkan tədbirinin seçildiyi, barələrində axtarış elan olunduğu deyilir.

Ancaq baş verənləri ictimaiyyət heç də birmənalı qarşılamayıb. Bəzi ekspertlər hesab edirlər ki, axtarışda olan şəxslərdən bir neçəsinin öldürülməsi bir sıra suallar doğurur. Onlara görə, axtarılan şəxslərin sağ ələ keçirilməsi baş verənlərin aydınlaşmasına xidmət edə bilərdi. Həmin ekspertlər vurğulayırlar ki, keçirilən əməliyyatların videoları yayılmadıqca, öldürülən şəxslərin silahlı müqavimət göstərib-göstərmədiyi ilə bağlı şübhələr tam aradan qalxmayacaq.

Öldürülən şəxslərin yaxınlarından baş verənlərə münasibət almaq mümkün olmayıb.