Prezident müharibə əlillərinə ev, maşın verdi

Mənzillər

Bu gün, avqustun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibəsi, Çernobıl əlilləri və ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrindən bəzilərinə evlər, avtomobillər verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva da mərasimdə iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərasimdə deyib ki, nazirlik ümumilikdə 35 mənzil satın alıb. Həmin mənzillərin 23-ü Qarabağ müharibəsi əlilləri, 12-si isə həlak olanların ailələrindən ötrü nəzərdə tutulub.

Prezident İ.Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.

Ümumilikdə, 136 vətəndaşa «Khazar LX» avtomobili verilib. «Khazar» avtomobillərini Neftçala Sənaye Parkında fəaliyyət göstərən «Azərmaş» MMC istehsal edir.

Rəsmi məlumata görə, Azərbaycanda ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinin sayı 12 min 500-dən artıqdır.

Ölkədəki müharibə əlillərinin sayının isə 20 min 700 nəfərdən çox olduğu bildirilir. Bundan əvvəl də hökumət oxşar addımlar atıb.

Azərbaycan rəsmilərinin bildirməsinə görə, son 20 ildə ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə, müharibə əlillərinə 5 min 500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik avtomobili verilib.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana Dağlıq Qarabağla bağlı ərazi iddialarından sonra iki respublika arasında silahlı toqquşmalar olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.