Kabildə 3 əcnəbi işçi öldürülüb

Arxiv fotosu

Kabil polisi oğurlanaraq öldürülmüş üç əcnəbinin cəsədini tapıb.

Qurbanlar bir hindistanlı, bir malayziyalı, bir makedoniyalıdır. Bunu Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi avqustun 2-də AzadlıqRadiosu-na deyib.

Rəsmi məlumata görə, həmin şəxslər dünyanın ikinci böyük ərzaq və xidmət şirkəti olan Sodexo üçün aşpaz kimi çalışıblar.

Onlar avqustun 2-də səhər Kabilin şərqində şirkətlərinin binası yaxınlığında oğurlanıblar. Cəsədli isə şəhərin daha qarışıq ərazisi sayılan Musayidə aşkarlanıb.

Rahimi 3 nəfərin güllələndiyini, cəsədlərin bir avtomobilin içində tapıldığını qeyd edib.

“Bu mərhələdə bunun terror insidenti olduğunu düşünürük”, – Kabil polis rəisinin sözçüsü Hashmat Stanekzia deyib.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.

Kabildə kriminal dəstələr tez-tez fidyə məqsədilə xariciləri və varlı əfqanları oğurlayır.