Rusiya Şimali Koreyadan fəhlələri ‘işə götürür’

Şimali Koreya, arxiv fotosu

Rusiya Şimali Koreyadan minlərlə fəhlənin ölkəyə gəlməsinə imkan yaradır, onları işə götürür. ABŞ rəsmiləri bunu BMT sanksiyalarının pozulması adlandırırlar. Məlumatı avqustun 2-də “Wall Street Journal” yayıb. Qəzetin bildirməsinə görə, sentyabrdan Rusiyada Şimali Koreyadan 10 min yeni fəhlə qeydiyyatdan keçib. Qəzet bunu Rusiya Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən yazır.

BMT-nin sentyabrda qoyduğu sanksiyalar hökumətlərin Şimali Koreyadan olanlara iş icazəsini verməsini yasaqlayır. Sanksiyalar bəzi əmək kontraktlarının qüvvədə qalmasına icazə verib.

Məqsəd Pxenyanın silah proqramlarına xərclədiyi nağd vəsaiti azaltmaq, yəni nüvə silahlarından əl çəkməsi üçün ona təzyiq göstərməkdir.

Şimali Koreya qonaq işçi proqramı çərçivəsində Çinə və Rusiyaya fəhlələr göndərir, qazanılan nağd pulun böyük hissəsini hökumət götürür. Moskva və Pekin ötən il yeni işçi qəbulunu dayandırmağa razılaşıb. Ancaq qəzetin yazmasına görə, təkcə bu il Rusiyada şimali koreyalılara 700 yeni iş icazəsi verilib.