'Star' zavoduna ilk Azərbaycan nefti gətirildi

SOCAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki «Star» neft emalı zavodunda ilk dəfə xam neftin emalına başlanıb.

AZƏRTAC xəbər verir ki, zavodda emal edilən ilk neft yükü Azərbaycandan çatdırılıb. «Abşeron» adlı tanker ilə Azərbaycandan göndərilən 80 min ton xam neft emal məqsədilə zavoda qəbul edilib.

«SOCAR Turkey Enerji A.Ş.»nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov bildirib ki, SOCAR indiyədək Türkiyəyə 19 milyard dollar investisiya qoyub.

«Türkiyəyə investisiyalar davam edəcək. Biz Türkiyədəki fəaliyyətlərə qısamüddətli baxmırıq. Türkiyə bizim üçün mühüm ölkədir. Bizim xarici investisiya portfelimizdə ən vacib ölkə Türkiyədir. Bizə «Türkiyənin ən böyük xarici sərmayədarı» deyirlər», - o, bildirib.

«Star» neft emalı zavodunun illik 10 milyon ton xam neft emal gücü olacağı bildirilir. Zavodda ildə 1.6 milyon ton nafta (neftdən alınır), 1.6 milyon ton təyyarə yanacağı, 4.8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunmalıdır.

Xatırlatma

«Star» Neft Emalı Zavodunun təməlini 2011-ci il oktyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qoyub. Layihənin ümumilikdə dəyərinin 6 mlrd. dollar təşkil etdiyi bildirilir.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini «SOCAR Turkey Enerji A.Ş.» (STEAŞ) adı ilə davam etdirir.

«Petkim» Türkiyədə fəaliyyətə 1970-ci ildə başlayıb. 2008-ci il mayın 30-da keçirilmiş hərracda «Petkim Petrokimya Holding A.Ş.»nin səhmlərinin böyük hissəsini 2 milyard 40 milyon dollara «SOCAR&Turcas Enerji A.Ş.» əldə edib.