Saytdan bəzi yazıların çıxarılmasının istəndiyi deyilir

İnternet senzura

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzindən az24saat.org saytına xəbərdarlıq məktubu gəldiyi bildirilir.

Bu barədə saytın redaktoru Vüqar Qurdqanlı məlumat yayıb. Onun deməsinə görə, məktub xidmətin direktoru Faiq Fərmanovun imzası ilə gəlib və onu bu gün, avqustun 6-da alıblar.

V.Qurdqanlının deməsinə görə, xidmət direktoru rəhbərlikdən internet resursundan «Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər»«Mətbuat Şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi» başlıqlı yazıların götürülməsini istəyir. Onun vurğulamasına görə, çıxarılması istənən yazılar arasında «İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ Həsənovdur?» «APA-nı kim, niyə bağladı?» da var.

V.Qurdqanlının qeyd etməsinə görə, xidmət rəhbəri buna səbəb kimi bu yazılarda böhtan, yalan və qərəzli ifadələrə yol verildiyini göstərib. Redaktorun deməsinə görə, «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununa istinad edilən məktubda bildirilir ki, 8 saat ərzində həmin məlumatlar götürülməsə, aidiyyəti üzrə məhkəməyə müraciət olunacaq.

V.Qurdqanlı vurğulayıb ki, adıçəkilən yazılarda hər hansı qərəz, böhtan yoxdur: ​«Üstəlik, tələb edilir ki, az24saat.org.az saytından bu yazıları götürək, biz belə bir sayta malik deyilik. Bizim sayt az24saat.org adlanır. Ona görə də cavab yazdım ki, məktubunuzun mənası anlaşılmadığı üçün nə tələb etdiyiniz bizə məlum olmadı».

Məsələyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən münasibət almaq mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Yalan, saxta xəbəri necə ayırmalı?

monitortv.info-dan da bəzi yazıların çıxarılmasının istəndiyi deyilir

Bu gün, avqustun 6-da daha bir xəbər saytına -monitortv.info-ya da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzindən xəbərdarlıq məktubu gəldiyi deyilir.

Bu haqda «Turan» agentliyinə saytın redaktoru İsmayıl İsmayıllı məlumat verib. Onun bildirdiyinə görə, nazirlik Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan bəhs edən məqalələrin saytdan çıxarılmasını istəyir.

Redaktorun vurğulamasına görə, xəbərdarlıq məktubunda yazılır ki, monitortv.info saytında yayılan «Əli Həsənovun biznes şəbəkəsi ifşa olundu - Azərbaycan mətbuatının qara qutusu»«Əli Həsənov nəyə görə məzuniyyətə göndərildi?- «Həsən ağa»nın dövrü bitir» başlıqlı yazılar resursdan çıxarılmalıdır.

İ.İsmayıllının qeyd etməsinə görə, Elektron Təhlükəsizlik Mərkəzi bildirir ki, sözügedən yazılarda böhtan və yalan məlumatlar yayılıb. Redaktorun deməsinə görə, «İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında» Qanuna istinad edən qurum qeyd olunan məqalələrin 8 saat ərzində saytdan çıxarılmasını istəyir. Əks halda saytın bloklanmasından ötrü məhkəməyə müraciət ediləcəyi vurğulanıb.

İ.İsmayıllı isə sözügedən yazılarda hər hansı qərəz, böhtanın olmadığını qeyd edib.

Məsələyə Elektron Təhlükəsizlik Mərkəzindən, prezidentin köməkçisi Əli Həsənov və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda saytların bloklanmasına, əsasən, ötən il, 2017-ci ildə «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb. Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bundan sonra ölkədə daha bir neçə saytın da girişinə məhdudiyyət qoyulduğu açıqlanıb. Bu il avqustun 1-dən etibarən isə «APA Holdinq» MMC-yə daxil olan saytlara giriş mümkün deyil. Şirkət rəhbərliyi bu addımı müəyyən problemlərlə bağlı özlərinin atdığını açıqlayıb.