'Qarabağ' BATE-ni keçsə...

"Qarabağ" Çempionlar Liqasının növbəti mərhələsinə keçdi

Bu gün, avqustun 6-da İsveçrənin Nyon şəhərində, UEFA-nın qərargahında futbol üzrə Avropa kuboklarının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmada Azərbaycan çempionu, hazırda Çempionlar Liqasının təsnifat mərhələsində yarışan «Qarabağ» klubunun potensial rəqibləri məlum olub.

UEFA-nın saytının məlumatına görə, «Qarabağ» Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE komandasını ələyə bilsə, onu Hollandiya klubu PSV ilə görüş gözləyir. Yalnız həmin oyunu qazandıqdan sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək mümkün olacaq.

«Qarabağ» Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi Belarusun BATE komandasını keçə bilməsə, mübarizəni Avropa Liqasında davam etdirməli olacaq.

«Qarabağ» BATE-yə uduzsa, Avroliqada Moldovanın «Şerif» və İslandiyanın «Valür» klublarının qalibi ilə qarşılaşacaq.

«Qarabağ» Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE klubu ilə sabah, avqustun 7-də Bakıda qarşılaşacaq. Cavab görüşü bir həftə sonra Belarusda olacaq.

«Qarabağ» bu il Çempionlar Liqasının təsnifat mərhələsində buna qədər iki klubu yarışdan kənarlaşdırıb. Bunlar Sloveniyanın «Olimpiya» və Albaniyanın «Kukesi» klubları idi.