Bu gün, avqustun 7-də UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Azərbaycan çempionu «Qarabağ» klubu doğma meydanda Belarusun BATE komandası ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda veriləcək. Oyunu isveçli Andreas Ekberqin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Bu komandalar indiyədək heç vaxt qarşılaşmayıblar. Borisov təmsilçisi 14 dəfə ölkə çempionu olub. Aleksey Baqanın yetirmələri indiyədək 11 dəfə avrokuboklarda iştirak etmək hüququ qazanıb. Bu komanda UEFA-nın klub reytinqində 70-ci pillədə qərarlaşıb.
Oyundan öncə hər iki komandanın baş məşqçisi ehtiyatlı açıqlama verib. «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov deyib ki, BATE onlardan aşağı səviyyədə deyil:
Q.Qurbanov: «İşimiz heç də asan olmayacaq»
«Vacib oyuna çıxacağıq. BATE Çempionlar Liqasında böyük təcrübəsi olan komandadır. Neçə illərdir stabil olaraq avrokuboklarda çıxış edirlər. Nəticə qazanmağı bacaran komandadır. İşimiz heç də asan olmayacaq. Ancaq pis hazırlaşmamışıq. İlk oyun həmişə çətin olur. Həddən artıq diqqətli olmalıyıq. Biz nə qədər qalib gəlmək istəyiriksə, rəqib də bu fikirdədir. BATE bizdən aşağı səviyyədə deyil. Hər bir komandanın gücü var ki, mərhələ keçsin. Çalışacağıq səhvsiz oynayaq».
BATE-nin baş məşqçisi Aleksey Baqa isə deyib ki, «kiminlə oynadığımızı yaxşı bilirik»: «Komandaya Qurban Qurbanov kimi baş məşqçi rəhbərlik edir. Ancaq şansları bərabər sayıram».
Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniya «Olimpiya»sını mübarizədən kənarlaşdırıb. İkinci təsnifat mərhələsində isə Albaniyanın «Kukesi» klubunu iki oyunun nəticəsinə görə üstələyib. «Qarabağ»-BATE duelin qalibi pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının pley-off mərhələsində «Şerif» (Moldova) – «Valür» (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.