Çirkli pulyuma ittihamıyla saxlananlar içində azərbaycanlılar da var

İllüstrativ foto

ABŞ Ədliyyə Departamenti Nyu Yorkda çirkli pulyuma ittihamıyla saxlanmış dörd rusiyalının kimliyini açıqlayıb. Rusiyalılar ötən həftə Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıb.

Ədliyyə Departamentinin sözçüsü Navas Oxman avqustun 6-da Rusiyanın TASS xəbər agentliyinə deyib ki, həmin rusiyalılar Kirill Dedusev, Aleksei Livadny, Nikolai Tupikin, and Stanislav Lisitsky-dir. Ötən həftə saxlanmış beşinci şübhəli - Maksim Suverin-in vətəndaşlığı açıqlanmayıb.

4 NƏFƏR AZƏRBAYCANLIDIR

ABŞ Dövlət Departamenti iyulun 24-də yaydığı bəyanatda Dedusev, Livadny, Tupikin və Lisitsky daxil, keçmiş sovet respublikalarından 25 nəfərin saxlandığını bildirib. Onların bir neçə milyon dollarlıq elektron dələduzluqda və çirkli pulyuma mexanizmində suçlandığı qeyd olunub.

***Buna da bax: Britaniya firması Əliyeva bacılarına görə intizam tribunalına verilib

Prokurorların bildirməsinə görə, kriminal qruplaşmanın yeddi üzvü Rusiyadan, beşi Gürcüstandan, dördü Azərbaycandan, üçü Qazaxıstandan, ikisi Latviyadan, ikisi Ukraynadandır, sıralarında ABŞ və Türkiyə vətəndaşları da var.

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aibek Smadyarov avqustun 7-də deyib ki, bu iş çərçivəsində 3 Qazaxıstan vətəndaşı saxlanıb, hamısı qadındır.

Rusiyanın Vaşinqtondakı səfirliyi dörd rusiyalının həbsindən xəbərdar olduğunu, hadisələri diqqətlə izlədiyini bildirib.

İyulun 24-də açıqlanmış ittihamnamədə deyilirdi ki, şübhəlilər maşın satışı haqda saxta reklamlar yerləşdiriblər, müştərilər ilkin ödəniş edəndən sonra isə yoxa çıxıblar. İttihamnaməyə görə, şübhəlilər bir neçə saxta şirkət yaradaraq dələduzluqla məşğul olublar, ümumilikdə 4,5 milyon dollar oğurlayıblar.

Təqsirləri sübuta yetirilərsə, şübhəliləri fırıldaqçılığa görə 30 ilədək, çirkli pulyumaya görəsə 20 ilədək həbs cəzası gözləyir.