Komitə saytların bloklanmasından narahatdır

İnternet senzura

«Ədalət naminə həmrəylik» Komitəsinin üzvləri hakimiyyətdən siyasi məhbuslar problemini həll etməyi və cəmiyyətdəki gərginliyin aradan qaldırılmasını istəyirlər

«Turan» agentliyinin xəbərinə görə, bu barədə bu gün, avqustun 8-də komitənin iclasında fikirlər səslənib .

Toplantıda müzakirə edilən məsələlərlə bağlı hökumətə müraciət də ünvanlanıb. Həmin müraciətdə bir sıra siyasi məhbus sayılan şəxslərin adları da qabardılıb. Sənəddə son günlər bəzi saytların bloklanması məsələsi də diqqətə çatdırılıb.

«Saytlara qarşı yeni dalğa başlayıb. Rabitə Nazirliyinin təklifi ilə az24saat.org saytı bloklanıb. Həmçinin, bir sıra sayta qarşı iddia verilib. Bu məntiqə sığmayan addımlar beynəlxalq aləmdə ölkənin imicinə xələl gətirir. Bu əməllərin təşəbbüskarı olan məmurları müəyyən edib cəzalandırmaq lazımdır. Azərbaycanda mətbuat azadlığının sərhədləri genişləndirilməlidir və bu sahə bir sıra məmurların nəzarətindən çıxarılmalıdır», - deyə sənəddə vurğulanır.

Rəsmilərdən vətəndaş cəmiyyəti təmsilçilərinin müraciətinə münasibət almaq mümkün olmayıb.

Ancaq ölkə rəsmiləri, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması ilə bağlı fikirlərlə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti isə az24saat.org və daha bir neçə saytı böhtan məlumatlar yaymaqda günahlandırıb. «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununa istinad edərək az24saat.org saytının bloklanması istəyinə səbəb kimi də elə orada böhtan yayması iddia olaraq göstərilib. Hərçənd, sayt rəhbərliyi bunu qəbul etmir.

«Ədalət naminə həmrəylik» komitəsində bir sıra vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlər təmsil olunurlar.