«Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı işlərin birinci mərhələsi başa çatıb, dəhlizin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır.
Bu gün, avqustun 8-də Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə «Azərbaycan Dəmir Yolları» (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov belə deyib. Bu haqda ADY-nin məlumatında bildirilir.
C.Qurbanov deyib ki, bu marşrut təkcə Azərbaycan, Rusiya və İranın deyil, eləcə də ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq.
Verilən məlumata görə, Rusiyanın nəqliyyat nazirinin müavini «Şimal-Cənub» dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib. O, marşruta yük axınının cəlb edilməsindən ötrü bütün imkanların səfərbər edilməsinin vacib olduğunu bildirib.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərinin müzakirə olunduğu bildirilir.
Xatırlatma
«Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.
İddialara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya, Qafqaz regionunun Fars körfəzi və Hindistana çıxışına şərait yaradacaq.
2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında «Şimal-Cənub» nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub.