'Çudo Peçka'nın sahibi 12 il həbs cəzası alıb

Sizin brauzer HTML5-i dəstəkləmir

'Çudo Peçka'nın sahibi həbs olunub

Bu gün, avqustun 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində «Çudo Peçka» və «ÇP Aqro» MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı çıxışında Ç.Cəlilovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Ç.Cəlilov 2016-cı ilin sentyabrında lisenziyası ləğv edilən «Bank Standard»ın milyonlarla vəsaitini qurumun İdarə Heyətinin sədri olmuş Səlim Krimanla bölüşüb mənimsəməkdə suçlanırdı. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilmişdi.

Ç.Cəlilov isə demişdi ki, onu aldadıb, yaxınlarının adlarına götürülmüş kreditləri başqaları mənimsəyiblər. Onun vurğulamasına görə, ayrılmış kreditlərin böyük hissəsi heç ona gəlib çatmayıb.

Binəqədi Rayon Məhkəməsinin 2016-cı il oktyabrın 5-də çıxardığı qərarla S.Kriman barəsində də həbs-qətimkan tədbiri seçilib. O, axtarışa verilib.