Ukraynanın ombudsmanı Lyudmyla Denisova deyir ki, Rusiyada həbsdə olan ukraynalı kinorejissor Oleh Sentsov-un həyatını xilas etməkdən ötrü “sürətli tədbirlər” görülməlidir. Sentsov üç aya yaxındır həbsxanada aclıq edir.
Denisova avqustun 9-da Facebook-da yazıb ki, rusiyalı Tatyana Moskalkova ilə Sentsovun durumunu müzakirə edib, onun xilası üçün bir neçə yol təklif edib. Onların içində Sentsovun Ukraynada həbsdə olan rusiyalı Aleksei Sedikov-la dəyişdirilməsi də var.
42 yaşlı Sentsov mayın ortasından aclıq edir. Onun tələbi Rusiyada həbsdə olan, siyasi məhbus saydığı 64 ukraynalının azad olunmasıdır.
Denisovaya görə, Moskalkova ona deyib ki, texniki problemlər var, belə ki, Krımda doğulmuş Sentsov Rusiya vətəndaşıdır və Rusiya qanunvericiliyi ölkənin bir vətəndaşını digərinə dəyişmək mümkün deyil.
Kinorejissorun durumunun xeyli pisləşdiyi bildirilir.
Sentsov Rusiyanın 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etməsinə qarşı çıxıb. O, bir il sonra terrorçuluq ittihamıyla 20 illik həbsə məhkum edilib.