Əfqanıstanın şərqində talibançılarla toqquşmada 90 yerli hərbçi və 13 dinc sakin ölüb

Qəzni-Əfqanıstan

Əfqanıstanın şərqindəki Qəzni əyalətində talibançılarla toqquşmada 90 yerli hərbçi və 13 dinc sakin həlak olub.

Bundan başqa yüzlərlə adam xəsarət alıb.

Bu barədə AzadlıqRadiosu Əfqanıstan və beynəlxalq kütləvi informasiya vasitələrinə istinadla xəbər verir.

Talibançıların nə qədər itki verdiyi bəlli deyil.

Qəzni, Əfqanıstanın cənubu ilə paytaxt Kabili birləşdirən əsas magistral yolun üstündə yerləşir.

Reuters bu hücumun, Əfqanıstanın hökumət qüvvələrinə ciddi zərbə olduğunu qeyd edir.

Amma Əfqanıstandakı ABŞ qüvvələrinin komandanlığı bildirir ki, Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri öz mövqelərini saxlamada davm edirlər.

Məlumatlara görə, elə həmin gün Əfqanıstanın qərbində 50 talibançı komandirləri ilə birlikdə hökumət qüvvələrinə təslim olublar.

Həmin ərazidə ümumilikdə 300 yaraqlı olduğu bildirilir.

Bir gün əvvəl-avqustun 11-də bəlli olub ki, Talibanın nümayəndə heyəti Daşkəntdə Əfqanıstanla bağlı sülh danışıqlarını dayandırıblar.

Görüş barədə ətraflı məlumat verilmir.