Avqustun 13-də prezident Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafortun məhkəməsində ittihamların səsləndirilməsi mərhələsi bitib. 10 gün ərzində verilən ifadələrdə onun Ukraynada siyasi konsultasiya işindən qazandığı milyonları vergidən necə yayındırmasına dair iddialar səslənib.
Manafortun vəkilləri avqustun 14-də əlavə şahidlərin çağırılıb-çağrılmamasıyla bağlı qərarını açıqlamalıdır.
Manafort vergi və bank fırıldağı ilə əlaqədar 18 maddə üzrə mühakimə olunur. Bütün ittihamlar üzrə təqsirli bilinsə, onu 8 ildən 10 ilədək həbs cəzası gözləyir.
Hökumətin bildirməsinə görə, Manafort 2010-2014-cü illər ərzində azı 16 milyon dolları vergi orqanlarından gizlətməkdə suçlanır. Onun Ukraynada siyasətçilər üçün müşavir işinə görə qazandıqlarını kreditlər kimi xarici banklarda gizlətdiyi iddia olunur.
Bu iş xüsusi prokuror Robert Mueller-in “Rusiya istintaqı” çərçivəsində ilk məhkəmə prosesidir. Mueller Rusiyanın Trump-ın seçki kampaniyası ilə mümkün əlaqələrini araşdırır.