Suriyada, İraqda 30 minədək İŞİD-çi var

Suriyada növbəi intiharçı hücumundan sonra, arxiv fotosu

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının İraqda və Suriyanın böyük hissəsində hərbi məğlubiyyətinə baxmayaraq, hər iki ölkədə 20 mindən 30 minədək yaraqlı var. Bunu BMT-nin hesabatına əsasən demək olar.

Avqustun 13-də açıqlanmış hesabatda bu rəqəmin hökumətlərdən gəldiyi bildirilir, amma hansı hökumətlərdən söhbət getdiyi açıqlanmır.

Hesabata görə, yaraqlılar İraqla Suriya arasında bərabər paylanıblar.

Təhlükəsizlik Şurasına təqdim olunmuş hesabatı İŞİD-ə və Al-Qaeda qruplaşmasına sanksiyaların monitorinqini aparan ekspertlər hazırlayıb.

Ekspertlər bildirir ki, İŞİD-in əsas əməliyyatçıların çoxu Əfqanıstana göndərilir və bu ölkədə qruplaşmanın 3 min 500 – 4 min döyüşçüsü var.

Abu Bakr al-Baghdadi-nin rəhbərlik etdiyi qruplaşmanın Liviya, Cənubşərqi Asiya və Qərbi Afrikada da tərəfdarlarının olduğu bildirilir.

İŞİD 2014-cü ildə İraqda və Suriyada böyük ərazilər ələ keçirib. Amma 2018-ci ilin yanvarınadək artıq Suriyada tutduğu yerlər xeyli daralmışdı.