Bu gün, avqustun 14-ü saat 21-də Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu «Qarabağ» səfərdə Belarusun BATE komandası ilə üz-üzsə gələcək.
Bir həftə öncə Bakıda keçirilən oyunda «Qarabağ» 0:1 hesabı ilə məğlub olmuşdu.
«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirdiyi mətbuat konfransında deyib ki, Bakıdakı ilk oyun çox çətin olub: «Bundan da daha ağır oyun bizi gözləyir. Hazırkı məqamda nə qədər çətin olsa da, başqa çıxış yolumuz yoxdur. Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq».
BATE-nin baş məşqçisi Aleksey Baqa da deyib ki, səfərdə çox ağır oyun keçirdiklərindən bəzi futbolçularında kiçik zədələr var: «Amma bu, onların meydana çıxmağına mane olmayacaq».
Xatırlatma
«Qarabağ» klubu birinci təsnifat mərhələsində Sloveniya «Olimpiya»sını mübarizədən kənarlaşdırıb. İkinci təsnifat mərhələsində isə Albaniyanın «Kukesi» klubunu iki oyunun nəticəsinə görə üstələyib. «Qarabağ»-BATE duelinin qalibi pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının pley-off mərhələsində «Şerif» (Moldova) – «Valür» (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.