Maliyyə Nazirliyi əsassız ödənişlər aşkarladığını deyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Büdcə xərcləri haqda məlumatlar sizi qane edirmi?​

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ilin birinci yarısında bir çox müəssisə və qurumlarda dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini yoxlayıb.

Bu barədə Maliyyə Nazirliyinin avqustun 15-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, yoxlama əhatəsinə 9 rayon (şəhər) icra hakimiyyəti başçıları aparatlarının saxlanması, rayonların (şəhərlərin) abadlığı, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların təmiri daxil olub. Habelə, bəzi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, təmizlik, yaşıllıq xidməti göstərən qurumlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri yoxlanıb.

«Aparılan nəzarət tədbirləri ilə 3077.9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb. Həmin məbləğin 1540.3 min manatının bərpası təmin edilib», - Xidmət bildirir.

Məlumatda vurğulanır ki, büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən 456 vəzifəli şəxsə 384.1 min manat inzibati cərimələr tətbiq edilib və dövlət büdcəsinə ödənilməsi təmin olunub. Habelə, nöqsanlara yol verən vəzifəli şəxslər barəsində yuxarı instansiyalara məktublar göndərilib.

Xidmət həmçinin bildirir ki, hesabat dövründə bir sıra təşkilatlarla bağlı məsələlərə hüquqi qiymət verilməsindən ötrü sənədlər Baş Prokurora göndərilib. Onların arasında Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu, Ağstafa Mərkəzi Rayon Xəstəxanası, Mədəniyyət Nazirliyinin Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsi olub. Habelə, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax Baytarlıq İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu da eyni aqibətlə üzləşib.

Bu açıqlamaya sözügedən qurumlardan münasibət öyrənmək mümkün olmayıb.