Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sonuncu qrupu Səudiyyə Ərəbistanına yola düşüb. Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.
Verilən məlumata görə, 180 nəfər avqustun 15-də Bakı hava limanından yola salınıb.
Bu il Azərbaycandan Həcc zəvvarlarının ilk qrupu avqustun 11-də yola düşmüşdü.
2018-ci ildə Həcc ziyarətindən ötrü Azərbaycana 1440 kvota ayrıldığı bildirilib. Qiymət 4150 dollar müəyyən edilib. Son illər Azərbaycandan təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəyir.
Zəvvarların qayıdışı sentyabrın 1-dən 5-nə kimi gözlənilir.
Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.
Ötən il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər getdiyi açıqlanıb. Ziyarət ancaq təyyarə vasitəsilə gerçəkləşib. İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb. Ziyarət zəvvarlara təqribən 3580 dollara başa gəlib.
Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu il avqustun 22-si və 23-nə təsadüf edir.