AzAL Bakı-Tbilisi-Bakı marşrutunu bərpa edir

AzAL

«Azərbaycan Hava Yolları» (AzAL) Qapalı Səhmdar Cəmiyyəti (QÇS) oktyabrın 28-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcək.

Bu haqda şirkətin məlumatında bildirilir.

Məlumata görə, AzAL aviaşirkətinin reysləri baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.

2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşları yalnız «AzAL» QSC-nin struktur bölməsi olan «Buta Airways» aşağıbüdcəli aviaşirkəti həyata keçirirdi.

AzAL aviaşirkətinin J2-223/J2-224 reysləri «Airbus» A319/ A320 tipli hava gəmiləri vasitəsilə həftənin çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından olacaq.

«Buta Airways»in tarifləri bir istiqamətdə 29 avrodur. Uçuşlar hər gün edilir. AzAL, hələlik, Bakıdan Tbilisiyə «klassik» uçuşlar üzrə aviabiletin qiymətini açıqlamır.

Tbilisi ilə yanaşı, «Buta Airways» Alanya, İstanbul, Moskva, Kazan, Kiyev, Mineralnıye Vodı, Sofiya, Sankt-Peterburq və Tehrana uçuşlar edir.