Bəzi porno saytlar bloklanıb

Foto illüstrasiya

«Aidiyyəti qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət edib. Həmin saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib».

«Turan» agentliyinin xəbərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məlumatında belə bildirilir.

Söhbət ölkə ərazisində indiyədək sərbəst yayınlanan bir sıra porno video-portallara girişin məhdudlaşdırılmasından gedir.

Ancaq məhkəmə qərarlarının tarixi və başqa detallar açıqlanmır.

Elektron Təhlükəsizlik Xidməti Azərbaycan qanunvericiliyinin pornoqrafiyaya, uşaq pornoqrafiyasına aid məlumatların yayılmasını, saytlarda yerləşdirilməsini qadağan etdiyini vurğulayır. Qurum qadağan edilən informasiyaları yayan saytların bloklanmasının qanunvericiliyə əsasən həyata keçirildiyini bildirib.