Manafortun işində jüri məşvərətə başlayıb

Rick Gates (sağda) məhkəmədə

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafortun işində jüri məşvərətə başlayıb. Məhkəmədə prokurorlar son arqumentlərini səsləndirib, Manafortun Ukraynada siyasi konsultasiya işinə görə əldə etdiyi milyonları ABŞ-da vergidən necə yayındırdığını təsvir ediblər.

Jüri artıq avqustun 16-dan məşvərətə başlayıb.

Manafort 18 maddə üzrə, vergi və bank fırıldağında ittiham olunur. Təqsirli bilinsə, onu 10 ilədək həbs cəzası gözləyir.

Bu iş ABŞ-da xüsusi prokuror Robert Mueller-in “Rusiya istintaqı” çərçivəsində ilk məhkəmədir. Mueller Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün əlaqələrini araşdırır.

Manafort Ukraynada 2016-cı ildə Trump-ın seçki kampaniyası üçün çalışmazdan öncə işləyib. Hökumət onun 16 milyon dolları vergidən yayındırdığını bildirir.

Müdafiə tərəfi Manafortun maliyyə manevrlərinə görə onun keçmiş müavini Rick Gates-i ittiham edib, onu yalançı, Manafortun pullarını mənimsəyən kimi qələmə verib.