Avqustun 12-də Aktauda keçirilmiş V Zirvə toplantısında Xəzərin hüquqi statusu üzrə imzalanmış konvensiyanın işləməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
«Turan» agentliyinin məlumatına görə, bu haqda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov danışıb.
Nazir müavininin sözlərinə görə, konvensiya ilə bağlı məsələlərin həlli və ondan irəli gələn öhdəliklərin icrasını İşçi qrup həyata keçirəcək. Həmin qrup isə bu ilin noyabrında Bakıda toplanacaq.
«İşçi qrup Xəzərdə çıxış xətlərinin metodikasını müəyyən edən saziş üzərində işləyəcək. Saziş konvensiyadakı anlayışlar və beynəlxalq hüquqdan irəli gələn normalar əsasında hazırlanacaq», - nazir müavini bildirib.
Xatırlatma
Avqustun 12-də Qazaxıstanda Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalanıb. Sənədi Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri imzalayıblar.
Hökumət təmsilçiləri konvensiyanın Azərbaycanın mənafeyinə uyğun olduğunu bəyan ediblər. Bəzi ekspertlər isə hesab edirlər ki, 20 ildən çox danışıqlardan sonra nəticə daha çox Rusiyanın istədiyi kimi olub. Onlar deyirlər ki, Xəzərə Azərbaycanın istəyinin əksinə, dəniz statusu verilməyib.
Üstəlik, onların fikrincə, sənəddəki bəzi məqamlar Rusiyanın yenə də regionda hegemonluğunu qorumağa imkan yaradır.
Ekspertlərə görə, sənəddə açıq qalan başqa məsələlər də var. Onlar vurğulayırlar ki, Xəzərin şimal hissəsi Azərbaycan, Rusiya və Qazaxıstan arasında orta xətt prinsipi ilə bölünüb. Amma Xəzərin cənub hissəsi ilə bağlı hüquqi razılaşma yoxdur.